Türkiyə ordusu Başikada İŞİD terrroçularının mövqelərini bombalamasına baxmayaraq, İraq ordusu Türkiyənin Mosul əməliyyatında iştirak etmədiyini iddia edir. Baki-xeber.com xəbər verir ki, İraq ordusunun birgə hərəkət mərkəzinin sözçüsü deyib ki, əməliyyatlara heç bir türk qüvvəsi daxil olmayıb.
Qeyd edək ki, Türkiyə ötən gün bildirib ki, Başika düşərgəsindəki əsgərləri ilə Mosul əməliyyatında iştirak edən kürd peşmərgə qüvvələrinə dəstək verib və Mosul ətrafındakı İŞİD-in hədəflərini top atəşinə tutub.
Baş nazir Binali Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) Müşavirə və Qiymətləndirmə Yığıncağından sonra jurnalistlərin "yaxın günlərdə Mosul istiqamətli əməliyyat olub-olmayacağını" soruşarkən "Bu nədir? Edilən nədir? deyə cavab verib.
Xatırladaq ki, Mosulun şərqindəki Başika hərbi düşərgəsi, Ankara və Bağdad arasında son bir aydır gərginliyə səbəb olub. Bağdad rəhbərliyi, Ankaradan əsgərlərini buradan çıxarmasını tələb edir və Türkiyə ilə bağlı BMT-yə də şikayət edib. Bağdad bir neçə gün əvvəl Başikada təlim keçilən əsgərlərə komandirlik edən keçmiş Mosul valisi Esil Nuceyfi barəsində Türkiyəyə kömək etmək ittihamı ilə həbs qərarı çıxarıb.
Türkiyə isə, düşərgədə hər hansı bir dəyişiklik olmayacağını və Mosul əməliyyatına qatılacağını bir neçə dəfə açıq şəkildə bəyan edib. Türkiyə Başikaya Bağdadın dəvəti ilə gəldiyini xatırladır və baş nazir Heydər əl-Abadini məzhəbçi siyasət aparmaqda ittiham edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mosulun Türkiyənin milli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyini deyərək əlavə edib ki, "Başikadakı bazamız barədə heç kim danışmasın. O baza orada duracaq".
Mosul əməliyyatının başlamasından bir həftə keçməsinə baxmayaraq Türkiyənin təlib keçib dəstəklədiyi yerli mosullular hələlik diqqətçəkən hər hansı bir əməliyyatda yer almayıb.
İraq Kürdüstan Regional Rəhbərliyinə (IKBY) yaxın “Rudaw” xəbər agentliyi isə yazır ki, davam edən Mosul əməliyyatı çərçivəsində peşmərgə qüvvələri Başika qəsəbəsini mühasirəyə alıb. Peşmərgənin qəsəbəyə girməsi barədə əvvəllərdə də xəbərlər var idi, amma sonradan bu xəbərlər yalan çıxmışdı. Indi Başikaya gedən bütün yollar nəzarət altındadır. Başika qəsəbəsi İŞİD üçün əhəmiyyətli bir məntəqə hesab olunurdu.
İraq ordusu ilə yanaşı, şiə könüllüləri və peşmərgə qüvvələri Mosula irəliləməyə çalışırlar. Ötən həftə başladılmış genişmiqyaslı əməliyyata ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiya da hava dəstəyi verir.
“Reuters” agentliyi, döyüşün çox qanlı keçəcəyini, həm uzunmüddətli, həm də bahalı olacağını yazır. O da bildirilir ki, İŞİD öz tərəfində döyüşməyi rədd edən 200 yerli sakini öldürüb.