Kürd qüvvələri Mosul daxilində üsyanın yetişdiyi barədə xəbərdarlıq edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İraq Kürdüstanının daxili işlər naziri Kərim Sincari xəbər verib. O deyib ki, yerli sakinlər silahlanır və artıq küçələrdə İŞİD üzvlərini öldürməkdən belə çəkinmirlər. “Onlar İŞİD-in hakimiyyətinə qarşıdırlar”- deyə “Reuters” Sincaridən iqtibas gətirir.
Sincari onu da əlavə edir ki, plana görə, Mosulu mühasirəyə alan qüvvələr şəhər ətrafında elə bir keçilməz sədd yaratmalı idilər ki, buradakı 4-8 min arası İŞİD üzvü onu yarıb Mosuldan çıxa bilməsin. Sincari deyib ki, terrorçubaşı Əbubəkr Əl-Bağdadinin olduğu yer hələ də bəlli deyil, amma bəzi informasiyalara görə, 3 gün öncə Mosulu ziyarət edib.
Xəbərdə o da qeyd olunur ki, “As-Sumariyə” telekanalı ötən bazar ertəsi Bağdadiyə sadiq qüvvələrin onun müdafiəsinə qalxaraq ona qarşı qalxan üsyanı yatırdığı barədə xəbər yayıb.