Türkiyə ilə İraq arasında bir müddətdir davam edən Başika böhranı daha da dərinləşir.
Baki-xeber.com xəbər verir ki, İraq hökuməti Türkiyənin Mosul əməliyyatına qatılmamasını və ümumiyyətlə Başikadakı türk əsgərinin İraq ərazisindən çıxarılmasını tələb edir. Ancaq Ankara bu etirazlara baxmayaraq, təlim keçdiyi yerli sünni türkmənlərlə birlikdə Mosul əməliyyatına qatılmaqda israrlıdır.
İraq hökumətinin son qərarı isə iki ölkə arasında böhranın daha da dərinləşəcəyini göstərir. Belə ki, İraq Türkiyənin Başikada tələm keçdiyi birliklərə rəhbərlik edən keçmiş Mosul valisi Esil Nuceyfi barədə həbs qərarı çıxarıb. Nuceyfi xarici ölkə ilə əlaqə yaratmaq və Türkiyəyə kömək etməklə suçlanır. Bildirilir ki, o Türkiyə ordusunun Mosula girişini asanlaşdıraraq Duhokdakı Zelikan düşərgəsində hərbi baza qurmasına şərait yaradıb, onun barəsində axtarış elan edilib.
İraqın bu addımı bir neçə il əvvəl Türkiyəyə yaxınlığı ilə tanınan keçmiş prezident köməkçisi Tarık Haşimi haqqında edam qərarını xatırladır.
Haşimi 19 dekabr 2011-ci ildə Ərbilə gedərkən Bağdad aeroportunda saxlanmışdı. Həmin vaxtı onu mühafizəçilərinə bəzi hökumət rısmilərini öldürmək üçün pul verməkdə günahlandırırdılar. Ancaq prezident Cəlal Təlabaninin işə qarışması ilə Haşimi, Şimali İraq Regional Kürd rəhbərliyinə sığındı. Haşiminin mühafizəçiləri isə həbs edildi. Sonra onun barəsində rəsmi həbs qərarı çıxarıldı.
Bağdaddakı məhkəmənin müstəqil olmadığını deyən Haşimi isə hakim önünə çıxmağı rədd etdi və qiyabi keçirilən məhkəmənin hökmü ilə 9 sentyabr 2012-ci ildə edam cəzasına məhkum edildi.
Uzun bir müddət İraqın şimalında kürdlərin himayəsində olan Haşimi 2012-ci ildə Qətərə, oradan Səudiyyə Ərəbistanına getdi, sonra isə Türkiyəyə sığındı.