Britaniyanın “NatWest” bankı Rusiya dövlətinə məxsus Russia Today (RT) televiziyasının bank hesablarını dondurub. Baki-xeber.com BBC-yə istinadən xəbər verri ki, bu barədə şirkətin baş redaktoru bildirib.
Kanalın baş redaktoru Marqarita Simonyan "Onlar bizim Britaniyadakı hesablarımızı bağlayıblar. Bütün hesablarımızı" deyə bildirib. RT bildirir ki, bank qərarla bağlı heç bir izahat verməyib. Qərarda deyilir ki, “NatWest”in də daxil olduğu “Royal Bank of Scotland” qrupu RT-ə xidmət etməkdən imtina edir.
Televiziya şirkətinin bildirdiyinə görə, “NatWest” onların London ofisinə yazaraq bildirib: "Sizin bizim bankla əməkdaşlığınızı nəzərdən keçirərək qərara gəldik ki, bundan sonra sizə xidmət göstərməyək".
Bank bildirib ki, onun qərarı yekundur və heç bir müzakirələri həyata keçirməyə hazırlaşmır.
Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova isə bildirib ki, bu addım onu göstərir ki, Britaniya Aİ-dən çıxmaq yolundadır və özünün ifadə azadlığı ilə bağlı öhdəliklərinə əməl etmir.
Bundan bir gün əvvəl Britaniya və ABŞ bildirmişdi ki, Hələbin bombalanması davam edərsə Suriya və Rusiya hökumətlərinə qarşı iqtisadi sanksiyalar tətbiq edilə bilər. ABŞ dövlət katibi Con Kerrİ bildirib ki, Rusiya anlamalıdır ki, Suriya münaqişəsi "siyasi həll olmadan yekunlaşa bilməz".
Britaniya xarici işlər naziri Boris Conson isə Rusiyanı atəşkəsə əməl etməyə çağırıb. O, əlavə edib ki, təzyiqi qoruyub saxlamaq üçün, Suriya rejiminə və onun dəstəkçilərinə qarşı növbəti sanksiyalar nəzərdən keçirilə bilər.
Kremlin idarə etdiyi RT bundan əvvəl də, bir tərəfli məlumat verdiyinə görə Ofcom (televiziya və radio yayımlarına nəzarəti həyata keçirən qurum) tərəfindən xəbərdarlıq alıb.