ABŞ hərbi çevrilişə cəhddə əlaqəsi olan Fətullah Güləni dəstəkləmək əvəzinə, demokratiyanı müdafiə etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının generealı Cozef Votelin qiyamçı türk generalların "Birləşmiş Ştatların dostları" olması barədə bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, xalq Gülən hərəkatının Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş fitnələrini unutmayacaq.
Bu arada, ABŞ Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası imkanını öyrənir. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib. Onun sözlərinə görə, hazırda ABŞ-ın F.Gülənə qarşı mövqeyi dəyişməyib.
Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-a F.Gülənin Türkiyədəki hərbi çevrilişlə bağlı olması ilə əlaqədar sənədləri təqdim edib.
Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.