ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqının Kanada ilə tərəfdaşlığı genişlənməyə davam edəcəyi təqdirdə, Aİ ilə ticarəti dayandıracağını bəyan edib. O, bu bəyanatı çərşənbə günü, sentyabrın 16-da, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kanadanı "Aİ-nin ilk assosiativ üzvü" etmək planları ilə bağlı jurnalistin şərh istəyinə cavab olaraq verib. "Düşünürəm ki, bu, gülüncdür", - deyə Amerika lideri Şimali Karolinadakı seçki kampaniyası tədbirində bildirib. "Əgər onlar [Aİ rəsmiləri] bunu etsələr və mən bunu hətta cüzi dərəcədə belə qeyri-dost addım kimi qiymətləndirsəm, çox yüksək gömrük rüsumları tətbiq edəcəyəm və ya Avropa ilə ticarəti dayandıracağam". "Əgər niyyətlər yaxşıdırsa, hər şey qaydasındadır. Əgər niyyətlər pisdirsə, biz Avropaya qarşı çox yüksək gömrük rüsumları tətbiq edəcəyik; bu, mümkün variantlardan biridir", - deyə o əlavə edib. Sentyabrın 16-da Avropa Parlamentində çıxış edən Ursula fon der Lyaye bildirib ki, Avropa İttifaqı Kanada ilə münasibətlərini "mümkün olan ən yüksək səviyyəyə" qaldırmaq istəyir. Avropakomissiya sədri bəyan edib ki, o, "Kanadanın Aİ-nin ilk assosiativ üzvü olması"nı təmin etmək üçün işləmək niyyətindədir. Fon der Lyayen belə bir tərəfdaşlığın məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb. Bununla belə, o, texnologiya sektoru və müdafiə sənayesində əməkdaşlığı qeyd edib. Eyni zamanda vurğulayıb ki, Kanada və Aİ arasındakı birgə fəaliyyət "başqalarına qarşı yönəlməyəcək"; onun məqsədi hər iki tərəfi daha güclü etmək olacaq. AFP qeyd edir ki, Aİ kimi Kanada da ABŞ Prezidenti Donald Trampın gözlənilməz ticarət və xarici siyasəti ilə üz-üzədir: "Məhz buna görə də həm Kanada, həm də Avropa İttifaqı yeni ittifaqlar axtarışındadır"
Bu arada, Ağ Ev elan edib ki, sentyabrın 16-da Donald Tramp Kanada mallarının federal hökumətin satınalmalarında istifadəsini qadağan edən memorandumu imzalayıb. Mətbuat açıqlamasına əsasən, Vaşinqton bu tədbirləri Kanadanın hərəkətlərinə cavab olaraq həyata keçirir; belə ki, Kanada "dövlət satınalmaları bazarına çıxış əldə etməyə çalışan Amerika şirkətləri üçün əsassız olaraq yeni maneələr yaradıb". Sentyabrın 15-dən etibarən ABŞ administrasiyası Kanadadan idxal olunan pendir, polad, alüminium, kağız, mebel, işıqlandırma cihazları və digər mallara əlavə 50 faizlik rüsumlar tətbiq edib. Tramp administrasiyasının nümayəndələri bildiriblər ki, bu addım Ottavanın yeni rüsumlar tətbiq etməsinə birbaşa cavabdır. Sentyabrın 15-də təxminən 20 milyard dollar dəyərindəki ABŞ ixracatına qarşı Kanadanın tətbiq etdiyi rüsumlar qüvvəyə minib. Bu tədbirlər, öz növbəsində, ABŞ-ın avqustun 22-də 20 milyard dollar dəyərində Kanada mallarına tətbiq etdiyi 50%-lik rüsumlara cavab xarakteri daşıyıb. Avqustun 21-də Kanada ABŞ ilə ticarət danışıqlarından geri çəkilib.
SAMİRƏ