Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili B.Finke sentyabrın 2-də Almaniya rəsmilərinin anti-Rusiya hərəkətləri və bəyanatları fonunda Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN Leypsiq-Halle hava limanında partlayıcı maddələrlə yüklənmiş dron aşkar edildikdən sonra Almaniyanın Rusiyaya qarşı müəyyən tədbirlər gördüyünü bildirib. Bildirilir ki, bununla bağlı Moskvadakı Almaniya səfirliyinin müvəqqəti işlər vəkili Finke nazirliyə çağırılıb və ona Rusiya tərəfinin irəli sürülən ittihamları rədd etdiyi bildirlib.
Açıqlamada Berlinin ikitərəfli münasibətlərin tamamilə pozulması istiqamətində addımlar atdığı bildirilib: "Berlin Rusiya-Almaniya münasibətlərində gərginliyi artırmaq məqsədi daşıyan təxribata qəsdən əl atıb. Almaniya hökumətinin hərəkətlərinə sərt cavab veriləcək".
Bir gün əvvəl Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib ki, 4 avqustda Leypsiq hava limanında baş verən dron hadisəsinə görə Rusiyanı məsul görür. O bildirib ki, Almaniya hakimiyyəti bu nəticəyə əvvəllər digər hibrid hadisələrdə istifadə edildiyi iddia edilən dronlardan birinin və onun komponentlərinin konfiqurasiyasını təhlil etdikdən sonra gəlib.
Məhz bundan sonra Berlin Moskvaya qarşı bəzi yeni tədbirlər elan edib. Berlin 18 sentyabrdan etibarən Almaniya Bonndakı Rusiya Baş Konsulluğunu və Berlindəki Rus Evini bağlamaq niyyətindədir. Bundan əlavə, Almaniya hakimiyyəti Rusiya vətəndaşlarının girişinə nəzarəti gücləndirməyi və Rusiyanın "kölgə donanmasına" qarşı əlavə tədbirlər görməyi planlaşdırır.
Tahir TAĞIYEV