Qara dənizdəki ticarət gəmiləri ardıcıl hücumlara məruz qalmağa davam edir. Bu yaxınlarda Ukrayna tərəfindən vurulan "Necibe" yük gəmisinin 18 nəfərlik heyətini xilas edən Kalyoncu Denizcilik şirkətinə məxsus "Ural" adlı Türkiyə gəmisi də Novorossiysk sahillərində hədəfə alınıb. Həmin hücumda bir türk dənizçisi həyatını itirib, səkkiz nəfər yaralanıb.
Ankara Qara dənizdə Türkiyə ilə əlaqəli gəmilərə edilən daha bir hücumdan sonra hərəkətə keçib.
Xarici İşlər Nazirliyindəki mənbələr bildirib ki, Ukraynanın Ankaradakı səfiri 26 avqustda Tuapse sahillərində Türkiyəyə məxsus "Lider Bordo Mavi" gəmisinə hücum və ardınca Türkiyə gəmisini dartmaq üçün ertəsi gün əraziyə göndərilən "Lider Kocatepe" gəmisinin hədəf alınması ilə əlaqədar nazirliyə çağırılıb.
Samsundan Rusiyanın Tuapse limanına tərəvəz daşıyan "Lider Bordo Mavi" gəmisinə üç pilotsuz uçuş aparatı tərəfindən hücum edildiyi və hücum nəticəsində beş heyət üzvünün yaralandığı bildirilir. Zədələnmiş gəmini dartmaq üçün 27 avqustda bölgəyə göndərilən "Lider Kocatepe" də pilotsuz təyyarənin hədəfinə çevrilib.
Xarici İşlər Nazirliyindəki mənbələr bildirib ki, Türkiyənin hücumlara reaksiyası Ukraynanın Ankaradakı səfiri ilə görüşdə çatdırılıb. Nazirlik mənbələri bildirib ki, səfirə Qara dənizdə həyat, əmlak, naviqasiya və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı zəruri xəbərdarlıqlar edilib.
Türkiyə həmçinin tərəfləri Qara dənizdə mülki gəmilərə hücumların qarşısını almaq üçün qarşılıqlı atəşkəsə riayət etməyə çağırıb.
Ukrayna tərəfi isə Qara dənizin müharibə zonası olduğunu bildirir və Rusiya ilə ticarət edən gəmi sahiblərinin mövcud riskləri nəzərə almalı olduğunu iddia edir.
Tahir TAĞIYEV