İspaniya, Mərakeşdən kütləvi şəkildə sərhədi keçdikdən təxminən bir ay sonra Şimali Afrikanın Seuta anklavında miqrantların yoxlanılması üçün Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi Frontex-dən kömək istəyib.
“Reuters” agentliyinin verdiyi məlumata görə, İspaniya Daxili işlər naziri Fernando Qrande-Marlaska müvafiq sorğunu Avropa Komissiyasının Miqrasiya və Daxili işlər üzrə baş direktoru Beate Qminderə göndərib. Madrid həmçinin miqrantları yoxlamaq üçün Seutaya əlavə 10 Frontex zabitinin göndərilməsini istəyib.
İspaniya hakimiyyət orqanlarının məlumatına görə, hazırda anklavda 5000 ilə 8000 arasında miqrant qalır. 30 iyulda ən azı 72 min nəfər Mərakeşdən sərhədi keçməyə cəhd edib. Hadisə nəticəsində İspaniya tərəfində 82 miqrant ölüb, Mərakeş hakimiyyəti isə daha 14 ölüm hadisəsini təsdiqləyib.
Madridin Aİ-yə kömək üçün müraciəti Seutadakı gərginliyin artması fonunda baş verib. Yerli sakinlər miqrantların anklavdan çıxarılmasını tələb edən bir sıra etiraz aksiyaları keçiriblər. Xüsusilə, düşərgələrin qurulduğu Batut Çimərliyindəki miqrantların çadırlarına hücum edilib və yandırılıb.
Cümə axşamı günü hərbi maşına daş atdıqdan sonra 12 miqrant saxlanılıb. Bir əsgər və dörd miqrant yaralanıb. El País-in məlumatına görə, saxlanılanlardan 11-i sonradan Seutadan qovulub.
Tahir TAĞIYEV