Ukrayna dronları avqustun 28-dən 29-na keçən gecə Rusiyanın Rostov vilayətinə hücum edərək OZON və DNS şirkətlərinə məxsus logistika anbarlarını, eləcə də gəmiqayırma zavodunu vurub. Gecə ərzində Rostov vilayətinin Rostov-na-Donu, Bataysk və Aksay şəhərlərində partlayış səsləri eşidilib.
Dron hücumundan sonra elektronika və məişət texnikası pərakəndə satışı ilə məşğul olan DNS şirkətinə məxsus anbarlarda böyük yanğın baş verib.
OZON rəsmi olaraq Rostov vilayətindəki logistika obyektlərindən birinə də zərbə endirildiyini təsdiqləyib. Şirkətin mətbuat xidməti bildirib ki, "İlkin məlumatlara görə, heç bir itki olmayıb. Kiçik bir yanğın baş verib, lakin dərhal söndürülüb".
Monitorinq kanalları qeyd edib ki, gecə hücumu zamanı Aksai ərazisindəki gəmiqayırma zavoduna da zərbə endirilib və bir gəmidə yanğın baş verib.
Rusiya hakimiyyəti bölgəyə genişmiqyaslı dron hücumu barədə məlumat verib. Yerli rəsmilər hadisənin bir neçə ərazidə baş verdiyini və dağıntıların səbəbinin yanğın olduğunu bildiriblər.
Bundan əlavə, NASA-nın FIRMS xidmətinin peyk məlumatlarına görə, gecə müvəqqəti işğal edilmiş Krımın Hvardiiske kəndindəki hərbi aerodromda yanğın baş verib.
Tahir TAĞIYEV