ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana iqtisadi təzyiq göstərmək kampaniyası çərçivəsində hansı tədbirləri görmək niyyətində olduğunu, o cümlədən Tehranla iş görən Çin banklarına sanksiyalar tətbiq etməyi planlaşdırıb-planlaşdırmadığını açıqlamır.
CNN-in məlumatına görə, bu həftənin əvvəlində Tramp administrasiyası Tehrana qarşı yeni əməliyyatın başladığını elan edərək, İranın ticarət tərəfdaşları Tehranla iqtisadi əlaqələrini kəsməsələr, onlara qarşı sərt sanksiyalarla hədələyib. Lakin hələlik heç bir konkret yeni məhdudlaşdırıcı tədbir tətbiq edilməyib. Xüsusilə, ABŞ İranın ən böyük ticarət tərəfdaşı olan Çinin əsas maliyyə qurumlarına qarşı sanksiyalar elan etməyib.
Vaşinqtonun Çin banklarına niyə sanksiyalar tətbiq etmədiyi soruşulduqda, Tramp belə cavab verib: "Kim deyir ki, mən bunu etmirəm? Bilmirsiniz ki, mən bunu edirəm, ya yox. Hər şeyi açıqlamağa məcbur deyiləm, elə deyilmi?"
Tramp həmçinin iqtisadi təzyiq kampaniyasını digər ölkə liderləri ilə müzakirə edib-etmədiyinə dair suala cavab verməkdən də yayınıb. Bu, ABŞ Maliyyə Naziri Skott Bessentin əvvəllər prezidentin xarici həmkarları qarşısında Tehrandakı rejimlə əlaqələri dayandırmaq üçün konkret tələblər irəli sürdüyü barədə açıqlaması ilə ziddiyyət təşkil edir.
Tramp sadəcə "burada danışılacaq çox şey yoxdur. Biz onlarla danışmaq istəmirik" deməklə kifayətlənib. Onun sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı digər ölkələrin nümayəndələri ilə görüşmək niyyətində deyil.
Tahir TAĞIYEV