Rusiya ballistik raketlərində Amerika komponentlərinin payı tammiqyaslı müharibənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatıb və Ukrayna sanksiyalar təzyiqini artırmağı və üçüncü ölkələrdən keçən təchizat yollarını kəsməyi planlaşdırır. Bunu Ukrayna Prezidentinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk bildirib.
"Amerika mikroelektronikası hələ də Rusiya ballistikasının əsasını təşkil edir. Rusiya ballistik raketlərində Amerika komponentlərinin payı hazırda tammiqyaslı müharibənin başlanğıcından bəri ən yüksək göstəricidir", - deyə o qeyd edib.
Rəsmi şəxs bu problemi həll etmək üçün ABŞ-a işgüzar səfər edəcəyini açıqlayıb. Səfərin əsas məqsədi Vyetnam, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər dövlətlər də daxil olmaqla üçüncü ölkələr vasitəsilə Rusiyaya vacib komponentlərin tədarükünün daimi olaraq bloklanmasına kömək edəcək xüsusi məhdudiyyət qanun layihəsini təşviq etməkdir.
Bundan əlavə, Ukrayna sentyabr ayında Avropa Birliyinə "müvəqqəti sanksiyalar paketi"nin qəbul edilməsi təşəbbüsünü irəli sürüb.
Söhbət ballistik raketlərin istehsalı ilə məşğul olan müəssisə və şirkətlərə əhəmiyyətli zərbə vurmaq üçün nəzərdə tutulmuş konkret "anti-ballistik məhdudiyyətlərdən" gedir.
Tahir TAĞIYEV