Bu ilin əvvəlində Ukrayna rəsmiləri Rusiya ilə müharibəyə son qoymaq üçün “M&Ms” kod adlı yeni bir planla Prezident Zelenskiyə müraciət ediblər.
“The Atlantic” qəzetinin məlumatına görə, Ukraynanın Rusiya hərbi bazalarına, neft emalı zavodlarına, təchizat xətlərinə və logistika mərkəzlərinə davam edən zərbələrinə əlavə olaraq, rəsmilər Rusiya paytaxtına və paytaxtdan beynəlxalq uçuşları pozmaq üçün Moskva hava limanlarına süni intellektlə işləyən dronlar dalğası göndərmək istəyiblər.
Əgər bu plan həyata keçirilsə, müharibə tarixində dəhşətli yeni bir mərhələ, həm də bir ilk olacaq: süni intellekt əsaslı hədəf sistemləri ilə təchiz olunmuş dron dəstələrinin insan müdaxiləsi olmadan hədəflərini axtarıb məhv edəcəyi bir hücum…
Oxşar sistemlər son illərdə ABŞ da daxil olmaqla müxtəlif ölkələr tərəfindən sınaqdan keçirilib. Lakin onların istifadəsinin qanuniliyi müharibə qanunlarının mümkün pozulması kimi fəal şəkildə müzakirə olunur və onlar heç vaxt geniş miqyasda tətbiq olunmayıb.
Tahir TAĞIYEV