ABŞ-ın vitse-prezidenti Vens Ukrayna prezidenti Zelenskidən Qazaxıstan neftinin Qara dənizdən ixracı üçün istifadə edilən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) qurğularına, eləcə də Rusiyaya məxsus olmayan neft tankerlərinə hücumları dayandırmasını istəyib.
Financial Times qəzetinin Ukrayna və ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, məhz bundan sonra Ukrayna Qara dənizdə gəmilərə hücumu dayandırıb. İddia olunur ki, 31 iyul telefon danışığından sonra Kiyev KTK terminalı ətrafındakı tankerlərə və infrastruktura yeni hücum etməyib,
"The Maritime Executive" qəzetinin məlumatına görə, ABŞ-ın və ehtimal ki, digər ölkələrin təzyiqi altında Ukrayna Qazaxıstandan Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumu terminalına boru kəmərləri ilə xam neft daşıyan tankerlərə hücumları dayandırmağa razılıq verib.
Bundan əvvəl “Bloomberg” də Vaşinqtonun bu məsələdə Kiyevi razı saldığını bildirmişdi.
Ukrayna əvvəllər dəniz terminalında xarici tankerlərə, o cümlədən Amerikanın “Chevron” şirkəti tərəfindən icarəyə götürülmüş ən azı bir gəmiyə hücum etmişdi.
Neft yatağını və boru kəmərini idarə edən konsorsium “Chevron”, eləcə də ExxonMobil, Eni və Shell kimi digər böyük şirkətlərin investisiyalarını əhatə edir və ixracın 75%-i xarici təchizatçılardan gəlir. 2025-ci ildə ixrac təxminən 70,5 milyon ton neft təşkil edib.
Qazaxıstan və Xəzər Boru Kəməri Konsorsiumu iyulun sonlarında baş verən iki hücumdan sonra ABŞ-a və digər ölkələrə kömək üçün müraciət etdiklərini bildiriblər. Məlumata görə, “Chevron” şirkətinin baş direktoru Mayk Virt şəxsən Donald Trampa zəng edərək müdaxilə etməsini istəyib.
Tahir TAĞIYEV