Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilindəki 1,5 milyard dollarlıq dəbdəbəli yay sarayını müdafiə edən hava hücumundan müdafiə və elektron müharibə sistemlərinə hücum etdiyi iddia edilir.
“The Telegraph” və “Moscow Times” qəzetlərinin məlumatına görə, əvvəlcə Gelendjik yaxınlığında İdokopas burnundakı Putinin dəbdəbəli sarayının ətrafında yerləşdirilən elektron müharibə sistemi, ardınca isə ərazidəki S-400 hava hücumundan müdafiə sistemi hədəf alınıb.
İlk hücumun 7 avqustda baş verdiyi və saraydan təxminən 20 kilometr məsafədə yerləşən Volna Kupol Garant adlı elektron müharibə stansiyasının məhv edildiyi bildirilir. Sistemin geniş ərazidə peyk rabitəsini, xüsusən də Starlink şəbəkəsini pozmaq üçün istifadə edildiyi deyilir.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi iddia edib ki, 9 avqustda hədəfə alınan S-400 raket buraxılış qurğusu yanıb və yanğın təxminən üç saat davam edib. Ukrayna mediası isə sistemin vurulmadan əvvəl altı raket atdığını iddia edib. Peyk görüntülərində ən azı bir raket buraxılış qurğusunun məhv edildiyi bildirilir.
Ukrayna hərbi kəşfiyyatı həmçinin işğal olunmuş Krımda Rusiya istehsalı olan iki S-400 buraxılış qurğusunun və Orion dronlarında istifadə edilən bir antenanın vurulduğunu açıqlayıb. Hücumların Rusiyaya milyonlarla dollara başa gələ biləcəyi iddia edilir.
Hücumlardan sonra Putinin Qara dəniz sahilindəki iqamətgahının müdafiəsinin zəiflədiyi iddiaları ortaya çıxıb. Təxminən 190 min kvadrat metrlik kompleksin ortasında şəhər kimi inşa edilən saray 2021-ci ildə Aleksey Navalnının sənədli filmindən sonra dünyanın diqqət mərkəzinə gəlib, Putin isə ərazinin ona məxsus olduğu iddialarını təkzib edir.
Tahir TAĞIYEV