ABŞ prezidenti Donald Trampın İranla müharibədə həlledici nəticə əldə edə bilməməsi Vaşinqtonda əks səslərin yüksəlməsinəsəbəb olub. ABŞ Demokrat senatoru Kris Merfi ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə ilə bağlı Tramp administrasiyasını tənqid edib.
Senator Kris Merfi Trampın "İranla müharibəni uduzduğunu" və Hörmüz boğazının yenidən açılmasının xərcinin hər gün artdığını iddia edib.
Merfi İranla masada olan potensial razılaşmanın Tehran rejiminə Hörmüz boğazının açılması üçün illik 100 milyard dollar ödəməyi nəzərdə tutduğunu iddia edib: "Donald Tramp bu müharibəni uduzdu. Amerika daha zəif, İran daha güclü mövqedədir. Boğazın yenidən açılmasının dəyəri gündən-günə artır".
Merfi, sözügedən pulun ödənməsinin İran üçün "qələbə" olacağını, bunun onlara "ordularını və bölgədəki proksi qüvvələrini dəstəkləməyə" imkan verəcəyini iddia edib.
İrana qarşı hücumların dayandırılmasının vacib olduğunu deyən Merfi, ABŞ-ın bu prosesdə "zəiflədiyini" bildirib: "Bu müharibəyə son qoymaq və boğazın açılması üçün pis bir razılaşmanı dəstəkləməyə hazıram, çünki əlimizdə olan yeganə razılaşma variantı budur".
Merfi bildirib ki, ABŞ "hücumlarını davam etdirə bilməsi üçün" sursat ehtiyatının artırılmasını maliyyələşdirməni dəstəkləməyəcək, lakin İranla razılaşma əldə edilərsə və hücumlar başa çatarsa, sursat ehtiyatının artırılması üzərində işləməyə hazır olacaq.
Tahir TAĞIYEV