SANA agentliyinin Suriya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Dəməşq və Moskva Rusiyanın Suriya sahillərindəki mövcudluğunun yenidən təşkili, o cümlədən mülki obyektlərin Dəməşqin nəzarətinə verilməsi və Rusiya hərbi bazalarının birgə təlim mərkəzlərinə çevrilməsi barədə memorandum imzalayıblar.
Saziş Xmeymim və Tartusdakı Rusiya obyektlərinin gələcək statusunu müəyyən edir.
Memoranduma əsasən, Suriya mülki məqsədlər üçün nəzərdə tutulmuş obyektlərə, o cümlədən Xmeymim hava limanına və Tartus limanındakı dördüncü kommersiya körpüsünə nəzarəti öz üzərinə götürəcək. Bu obyektlərin tədricən ölkənin mülki infrastrukturuna inteqrasiyası planlaşdırılır.
Eyni zamanda, tərəflər hazırda hərbi məqsədlər üçün istifadə olunan obyektlərin təyinatını dəyişdirmək barədə razılığa gəliblər. Rusiya hərbi bazaları birgə Rusiya-Suriya təlim və təkmilləşdirmə mərkəzlərinə çevriləcək.
Keçid prosesi üç aydan çox davam etməyəcək və bundan sonra yeni müqavilələr qüvvəyə minəcək.
Suriya Xarici İşlər Nazirliyi bu razılaşmanı son 18 ayda Rusiya ilə aparılan danışıqların ən əhəmiyyətli nəticəsi adlandırıb və bunun iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələyə yol açdığını bildirib.
Tahir TAĞIYEV