Stavropol diyarının “Mineralnıye Vodı” hava limanında gömrük əməkdaşları 29 yaşlı Rusiya vətəndaşının Ermənistana qanunsuz olaraq 16 milyon rubl ixrac etməsinin qarşısını alıblar.
Rusiya Federal Gömrük Xidməti məlumatına görə pul göndərən şəxs təsadüfi yoxlama zamanı "yaşıl" dəhlizdə saxlanılıb. Müfəttişlər onun əl yükündə təxminən 16 milyon rubl (220.000 dollar ekvivalenti) dəyərində əskinaslar olan beş plastik torba aşkar ediblər. Saxlanan şəxs bildirib ki, pul Ermənistanda avtomobil almaq üçün nəzərdə tutulub. O, avtomobilləri onlayn xidmət vasitəsilə sonradan satış üçün seçib və qardaşı ilə birlikdə Rusiyaya çatdırılmasını təşkil etməyi planlaşdırıb. O, həmçinin Rusiyadan AİB ölkələrinə nağd pulun ixracına qoyulan məhdudiyyətlərdən xəbərsiz olduğunu bildirib.
Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi (qadağa və məhdudiyyətlərə əməl edilməməsi) ilə inzibati iş açılıb. Vəsaitlər müsadirə edilərək sübutlar üçün saxlama yerinə qoyulub.
Qeyd edək ki, Rusiya Prezidentinin fərmanı ilə Rusiya valyutasının Rusiyadan AİB ölkələrinə ixracına məhdudiyyətlər qoyulub.
Tahir TAĞIYEV