Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik, Ukrayna Silahlı Qüvvələrinin Moskva bölgəsinə beş mülki şəxsin ölümünə səbəb olan pilotsuz təyyarə hücumundan sonra hakimiyyətə çağırış edərək bildirib ki, Rusiya "müharibə iqtisadiyyatı"na keçməlidir.
Kolesnik mövcud cavab strategiyasının yetərli olmadığını və daha sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb
Ukraynanın dron hücumlarının sayının artdığına diqqət çəkən Kolesnik bildirib ki, bu tip hücumlar daha tez-tez baş verir və "biz artıq yalnız cavab zərbələri ilə kifayətlənə bilmərik". Qanunverici Rusiyanın daha güclü və daha intensiv hücumlar etməli olduğunu bildirib və əlavə edib ki, "düşmən bu hərəkətlərin cəzasız qalmayacağını başa düşməlidir".
Kolesnik mülki şəxslər arasında itkilərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin artırılmasının vacibliyini vurğulayıb: "Dron təhlükəsini minimuma endirmək üçün bu hücumların qarşısını ala biləcək insanların sayını artırmalıyıq. Əks təqdirdə, bu hücumları almağa davam edəcəyik. Cavabımız qaçılmaz olacaq, amma əvvəlcə ciddi təhlükə altında olduğumuzu qəbul etməliyik. Sadəcə qisas ala bilmərik, normal hərbi əməliyyatlara hazırlaşmalıyıq".
Kolesnikin çağırışı Rusiyanın Ukraynadakı müharibə strategiyasının gələcəyi ilə bağlı əhəmiyyətli bir müzakirəyə səbəb olub və Moskvanın qarşıdakı dövrdə hərbi və iqtisadi siyasətində daha sərt addımlar atıb-atmayacağı ilə bağlı suallar doğurub.
Tahir TAĞIYEV