Rusiyanın “Upyr” dronlarını istehsal edən "Uraldronzavod" şirkətinin baş direktoru Vladimir Tkaçuka məxsus “Mercedes” markalı avtomobil partladılıb.
URA.RU-nun mənbələrə istindən məlumatına görə, partlayış Yekaterinburq yaxınlığındakı Bolşoy İstok kəndində naməlum şəxslər tərəfindən törədilib. Məlumata görə, partlayıcı qurğu Tkaçukun maşınına qoyulub. Hadisə nəticəsində Tkaçuk xəsarət alıb.
Partlayış baş verən zaman Tkaçuk nəqliyyat vasitəsində olmayıb. Sürücü hadisə yerində həlak olub. "Crazy about War" adlı Telegram kanalını da idarə edən zavod direktoru Tkaçukun isə reanimasiyada olduğu bildirilir.
“O, sağdır — partlayışdan əvvəl maşına minməyə belə vaxtı olmayıb. Hazırda tibb işçiləri onun həyatı uğrunda mübarizə aparırlar”, - deyə mənbə bildirib.
TASS partlayışdan sonra qəsdən adam öldürməyə cəhdlə bağlı cinayət işi başlandığını bildirir.
Vladimir Tkaçuk Ukrayna ilə cəbhədə geniş istifadə olunan "Upyr" dronun yaradıcısı kimi tanınır. Cihazların yığılmasına 2022-ci ilin sentyabr ayında başlanılıb.
Tahir TAĞIYEV