Avropa Birliyi dondurulmuş Rusiya aktivlərindən əldə edilmiş faizlərdən Ukraynaya daha 1,4 milyard avro ayırıb. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen açıqlama verib.
"Biz bir daha Rusiyanın Ukraynaya qarşı dəhşətli vəhşiliklərinin şahidi olduq. Rusiya vurduğu ziyanı ödəməlidir. Və biz bunu təmin etmək üçün müsadirə edilmiş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edəcəyik.
Ukraynaya bu məbləğdən əlavə 1,4 milyard avro (1,6 milyard dollar) təmin edəcəyik. Bu, Ukraynanın Rusiyanın qanunsuz müharibəsinə qarşı davamlı müqavimətini dəstəkləyəcək", - deyə Leyen sosial mediada yazıb.
Bu köçürmə mart ayında həyata keçirilən 1,4 milyard avroluq tranşdan sonra gəlir və sanksiyalar tətbiq edildikdən bəri immobilizasiya olunmuş aktivlərdən əldə edilən ümumi gözlənilməz mənfəəti 8 milyard avroya (9,3 milyard dollar) çatdırıb.
Aİ Komissiyasının məlumatına görə, gəlirlərin 95 faizi Ukraynaya G7 qrupunun Fövqəladə Gəlir Sürətləndirmə (ERA) kreditləri təşəbbüsü çərçivəsində verilən Aİ makromaliyyə yardımı kreditlərini və maliyyələşdirməsini geri ödəməyə kömək etmək üçün geri qaytarılmayan dəstəyi təmin edən Ukrayna Kredit Əməkdaşlıq Mexanizmi (ULCM) vasitəsilə ayrılacaq.
Vəsaitin qalan 5 faizi Ukraynanın hərbi və müdafiə ehtiyaclarını dəstəkləmək üçün Avropa Sülh Fondu (EPF) vasitəsilə yönəldiləcək.
Ayrılan vəsaitlər Ukraynada müharibənin başlamasından sonra Aİ sanksiyaları çərçivəsində dondurulan Rusiya Mərkəzi Bankının aktivləri ilə əlaqəli nağd pul qalıqlarından əldə edilən faizlərdən əldə olunur.
Tahir TAĞIYEV