Avqustun 4-dən 5-nə keçən gecə Rusiyanın Tula vilayətinin Aleksin şəhərindəki Wildberries logistika mərkəzində dron hücumundan sonra böyük yanğın baş verib.
Astra-nın məlumatına görə, şahidlərin paylaşdığı videolar Aleksindəki Wildberries anbarına zərbə endirildiyini göstərir.
Şirkətin mətbuat xidməti logistika obyektində baş verən yanğını təsdiqləyib. Bildirilib ki, işçilər əvvəlcədən təxliyə edilib və yeni çatdırılmaların qəbulu müvəqqəti olaraq dayandırılıb, bağlamalar isə digər logistika mərkəzlərinə yönləndirilib.
Tula vilayətinin qubernatoru Dmitri Milyayev bildirib ki, Wildberries çeşidləmə mərkəzinin ərazisinə dron düşüb və yanğına səbəb olub.
Regional hakimiyyət orqanlarının məlumatına görə, gecə ərzində Tula səmasında 107 dron məhv edilib, Novomoskovsk və Uzlovski rayonlarında iki çoxmənzilli bina və iki istehsal müəssisəsi də hücumlar nəticəsində zərər görüb.
Exilenova+ şirkətinin məlumatına görə, logistika mərkəzi təxminən 194.500 kvadrat metr ərazini əhatə edir. O, 2022-ci ildə açılıb.
Tahir TAĞIYEV