Rusiya rəsmiləri Ukraynaya məxsus pilotsuz təyyarənin izdihamlı çimərliyə düşdüyünü və nəticədə ən azı yeddi nəfərin öldüyünü, 40 nəfərin yaralandığını açıqlayıblar. CNN-in məlumatına görə, Qara dəniz sahilindəki Qelendjik şəhərində baş verən hadisədə ölənlərdən üçü uşaq olub.
Regional qubernator Veniamin Kondratiev çimərlikdə insanların "drondan düşən qalıqlar səbəbindən" öldüyünü açıqlayıb.
Hadisənin dronun Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması nəticəsində baş verdiyi, yoxsa öz-özünə qəzaya uğradığı hələ də məlum deyil.
Ukrayna hökumətinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko CNN-ə açıqlamasında hücuma görə, Rusiya qüvvələrini günahlandırıb: "Qelendjik sahillərində rusların ölümü tamamilə Rusiya hava hücumundan müdafiə qüvvələrinin günahıdır. Ukrayna silahlarını yalnız Rusiyanın hərbi-sənaye kompleksinə və iqtisadi infrastrukturuna qarşı istifadə edir ki, bu da Rusiyanın müharibəni maliyyələşdirmək qabiliyyətinə təsir göstərir".
Rusiyanın Qara dəniz donanmasının əsas qərargahı olan Novorossiysk Hərbi Dəniz Bazası Qelendjik kurort şəhərindən təxminən 40 kilometr məsafədə yerləşir.
Tahir TAĞIYEV