Məhəmməd Əsədullazadə: “Rusiyaya görə sanksiyalar altına düşmək, Qərbin hədəfinə çevrilmək və bundan ziyan çəkmək istəmir”
Gürcüstanın Kulevi Neft Emalı Zavodu (NEZ) xammal tədarükünü şaxələndirməyə başlayıb. Zavod artıq Qazaxıstan mənşəli neftin emalına başlayıb və yaxın vaxtlarda Liviya neftini qəbul etməyi planlaşdırır. Bu barədə zavodun sahibi olan Black Sea Petroleum şirkəti məlumat yayıb.
Məlumata görə, şirkət Avropa İttifaqının sanksiyalarından sonra Rusiya mənşəli neftdən tam imtina edir. Bildirilib ki, müəssisə Avropa Komissiyası və digər aidiyyəti qurumlarla əməkdaşlığı davam etdirir, xammal mənbələrinin şaxələndirilməsi istiqamətində görülən işlərlə bağlı yoxlanıla bilən məlumatlar təqdim edir. Şirkət bəyan edib ki, həyata keçirilən tədbirlər Rusiya mənşəli xammaldan tam imtinanı təmin etməklə yanaşı, zavodun fasiləsiz fəaliyyətini qorumağa xidmət edir.
Göründüyü kimi, Avropa İttifaqı Gürcüstanda Rusiyaya daha bir zərbə vurdu. Aİ şərt qoymuşdu ki, 2027-ci ilin ortalarına kimi Kulevi rus neftindən imtina etsin. Ancaq Gürcüstan daha tez Rusiya neftindən imtina qərarını verdi. Nə deməkdir bu? Gürcüstan ikibaşlı oynayır, yoxsa Avroittifaq bölgəni Rusiyanın əlindən alır?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Kulevi Neft Emalı Zavodunun Rusiya neftindən imtina etməsi bir növ Avropanın iqtisadi sanksiyalarından qorunmaq məqsədi ilə atılan addımdır: “Yəni Gürcüstan da artıq görür ki, Rusiya batır. Məsələ ondadır ki, Ukraynanın sistemli zərbələrindən sonra Rusiyanın neft emalı zavodları bir-bir sıradan çıxır. Faktiki olaraq Rusiya əhalini yanacaqla stabil təmin edə bilmir, bununla bağlı ciddi çətinliklər yaranıb. Gürcüstan belə vəziyyətdə digər alternativlərə önəm verir. Bu məqsədlə Qazaxıstan neftinin emal edilməsi gündəmdədir. Bununla Avropa İttifaqı həm də Rusiyanı Gürcüstandan çıxarmaq üçün siyasət aparır. İki ölkə arasında diplomatik əlaqələrin olmamasına baxmayaraq, Rusiya uzun müddətdir öz geosiyasi mövqeyini Gürcüstanda saxlamağa çalışır. Hakimiyyətlə münasibətləri yaxşılaşdırmağa çalışır, amma nəzərə almaq lazımdır ki, Rusiyanın Gürcüstan hökumətinə təsir rıçaqları var. Hazırkı Gürcüstan hakimiyyəti Rusiya ilə məsafəli davranır. Ancaq son illər Avropa İttifaqı ilə Gürcüstanın münasibətləri soyusa da, əlaqələr tam kəsilməyib. Brüssel Gürcüstanın Mərkəzi Asiya ilə bağlantının qurulmasında oynadığı önəmi nəzərə alır. O cümlədən, rəsmi Tbilisi gedən geosiyasi prosesləri nəzərə alaraq Gürcüstanın maraqlarından çıxış edir. Rusiyaya görə sanksiyalar altına düşmək, Qərbin hədəfinə çevrilmək və bundan ziyan çəkmək istəmir. Fikrimcə, Kulevi ilə bağlı qərar əsasən bununla əlaqədardır. Ancaq bu, Tbilisi ilə Moskva arasında münasibətləri gərginləşdirəcək. Baş verənlər regiona da müəyyən təsir edir. Aİ də Gürcüstana müəyyən maliyyə dəstəyi verəcək ki, bu ölkə Rusiya qarşısında duruş gətirə bilsin”.
Vidadi ORDAHALLI