İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İranın Hörmüz boğazında vurduğu gəmilər neft və qaz deyil, ABŞ üçün nəzərdə tutulmuş silah və sursat daşıyıb.
"ABŞ hərbi gəmilərinin neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan böyük gəmilərə yaxınlaşdığı müşahidə edilib", - deyə o bildirib.
Bəqainin sözlərinə görə, ABŞ ordusu İran Silahlı Qüvvələrinin nəzarətindən kənarda qalmaq üçün izləmə sistemlərini söndürür və hərbi personal, avadanlıq və hərbi texnika daşımaq üçün ticarət gəmilərindən istifadə edir.
O, ABŞ-ın bu cür hərəkətlərinin İslamabad Memorandumunun 5-ci bəndinə zidd olduğunu bildirib: "ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hərbi gəmisi cənub istiqamətində icazəsiz marşrutla keçərək mayeləşdirilmiş təbii qaz daşıyan böyük bir gəminin arxasında gizlənib. Bu, təkcə təhlükəli bir keçid deyil, həm də ABŞ-ın atəşkəs razılaşmasından sui-istifadə etmək və İrana qarşı düşmənçilik hərəkətləri üçün şərait yaratmaq niyyətinin açıq bir göstəricisidir".
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Tehran buna etiraz etdikdən sonra ABŞ hücumlarını artırıb: "Yəni, onlar müqavilə çərçivəsində qəbul etdikləri bütün öhdəliklərdən tamamilə imtina ediblər".
Tahir TAĞIYEV