Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) tapşırığı ilə dövlətə məxsus "Çestnıy znak" məhsul nişanlama sistemi Ermənistandan gətirilən 70 mindən çox içməli su şüşəsini və qazlı içkilərin satışını bloklayıb.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, məhdudiyyət BJNI mineral içməli və müalicəvi süfrə suyunun, Prosto Azbuka təbii içməli suyunun (uşaqlar üçün də daxil olmaqla) və Mojito alkoqolsuz içkilərinin müəyyən partiyalarına şamil edilir.
"Hazırda, “Rospotrebnadzor” tərəfindən göstərilən partiyaların satışı bütün zəruri yoxlamalar başa çatana qədər pərakəndə və onlayn kanallarda qadağandır. Etiketləmə sistemi ölkədəki hər bir kassa aparatına inteqrasiya olunub və bu da istehlakçıların dərhal qorunmasına imkan verir", - deyə Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzinin (QTİM) baş direktorunun müavini Revaz Yusupov qeyd edib.
O, əlavə edib ki, 2026-cı ilin əvvəlindən bəri "Çestnıy znak" son istifadə tarixlərini və məcburi tələbləri pozan 48 milyon şüşə içməli suyun satışının qarşısını alıb.
Məhdudiyyətlər Rusiya vətəndaşlarının həyatı və sağlamlığına potensial zərərlə bağlı narahatlıqlar səbəbindən tətbiq edilib. Mətbuat xidməti nümayəndəsinin sözlərinə görə, istehsalçılar məcburi məhsul tələblərini pozublar. Məhdudiyyətlər yalnız müəyyən tarixlərdə istehsal olunan partiyalara təsir göstərir və digər məhsullara şamil edilmir.
Qeyd edək ki, 28 apreldə “Rospotrebnadzor”un tələbi ilə "Çestnıy znak" Ermənistandan idxal edilən “Cermuk” qazlı suyunun satışını dayandırıb.
Tahir TAĞIYEV