İtaliya Avropa İttifaqına (Aİ) Albaniya modelinə əsaslanan təhlükəsiz üçüncü ölkələrdə yeni miqrantların geri qaytarılması mərkəzləri yaratmaq planını təqdim etməyə hazırlaşır.
Euronews xəbər verir ki, Roma xüsusilə, sığınacaq ərizələri və immiqrasiya sənədləri işlənərkən Aİ-yə qanunsuz daxil olan xarici vətəndaşlar üçün təhlükəsiz üçüncü ölkələrə deportasiya mərkəzləri yaratmağı təklif edir.
İlkin siyahıya bir neçə Afrika dövləti və ənənəvi miqrasiya marşrutlarından kənarda yerləşən bəzi ölkələr daxil edilib. Potensial namizədlər kimi Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, Efiopiya, Özbəkistan, Ermənistan və Monteneqronun adı çəkilir.
Təklif 4 avqustda daxili işlər naziri Matteo Piantedosi tərəfindən Avropa İttifaqı Daxili İşlər Nazirləri Şurasının fövqəladə iclasında təqdim olunacaq. Görüş, son günlərdə 70 minə qədər miqrantın İspaniyanın muxtar ərazisinə zorla daxil olduğu Seutada baş verən miqrant böhranından sonra gündəmə gəlib.
"Biz immiqrasiya ilə bağlı ortaq bir strategiya hazırlamalıyıq. İtaliya hökuməti miqrantların geri qayıtmasını sürətləndirməklə Aİ-nin Miqrasiya və Sığınacaq Paktının həyata keçirilməsini təmin etmək üçün Danimarka hökuməti ilə birlikdə bu görüşün keçirilməsini tələb edib", - deyə xarici işlər naziri Antonio Tajani bildirib.
Məqsəd, mənşə və tranzit ölkələrilə əməkdaşlığa əsaslanaraq, Avropa İttifaqı xaricində qanunsuz miqrantları idarə edən və geri qaytaran mərkəzlər şəbəkəsi yaratmaqdır.
İtaliyanın təklifinə əsasən, yeni mərkəzlər Aİ vəsaitləri hesabına maliyyələşdiriləcək.
Roma həmçinin bu ilin əvvəlində təsdiq edilmiş və 1 yanvar 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılan Ümumi Üstünlüklər Sistemi (GSP+) proqramının daha sərt tətbiqini tələb edəcək.
Sistem inkişaf etməkdə olan ölkələrə verilən ticarət güzəştlərini və tarif endirimlərini Avropaya qanunsuz daxil olmağa və ya orada qalmağa çalışan vətəndaşların geri qəbulu üzrə əməkdaşlıqla əlaqələndirir. Məqsəd miqrantların və sığınacaq axtaranların geri qayıtmasını asanlaşdırmaq və dəstəkləmək üçün mövcud alətləri, eləcə də bu miqrantların mənşə ölkələri ilə əməkdaşlığı gücləndirməkdir.
Tahir TAĞIYEV