ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) amerikalı hərbi analitiklərdən İranı "cəzalandırmağın qeyri-adi yollarını" tapmağı xahiş edib.
CNN mənbələrə istinadən xəbər verir ki, CENTCOM-un kəşfiyyat bölməsi tərəfindən göndərilən elektron poçtda deyilir: "İranı cəzalandırmaq və təzyiq göstərmək üçün yeni, yaradıcı və innovativ yollar axtarırıq".
Kanalın məlumatına görə, bu addım ABŞ administrasiyasının İranla bağlı məhdud seçimlərə malik olduğunu və bəzilərinin qəbuledilməz hesab edildiyini göstərir. Fox News mənbələrindən biri bildirib ki, Mərkəzi Komandanlıq bütün yeni ideyaları nəzərdən keçirməyə açıqdır. Hərbçilər də hesab edir ki, İran strategiyası yenidən dəyərləndirilməlidir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ və İranın 3 avqustda sülh danışıqlarına başlayacağını açıqlayıb. Tramp sosial mediada Tehranla razılığa gəlmək üçün İrana planlaşdırılan böyük hücumu ləğv etməyə razı olduğunu yazıb. Prezidentin sözlərinə görə, İran və bir neçə Yaxın Şərq ölkəsi Vaşinqtondan hücumdan çəkinməyi xahiş edib, çünki tərəflər artıq gələcək razılaşmanın konturlarını müəyyən ediblər. O, qeyd edib ki, bu razılaşmaya Hörmüz boğazının dərhal açılması və İranın nüvə təhdidinin aradan qaldırılması daxil olmalıdır. Ancaq rəsmi Tehran Trampın iddialarını təkzib edib və bildirib ki, blokada davam etdiyi müddətcə Hörmüz boğazı açılmayacaq.
Tahir TAĞIYEV