İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ ilə birbaşa heç bir danışıqların aparılmadığını bildirib.
"Hazırda ABŞ-la heç bir müzakirə aparmırıq. Omanla müzakirələr gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi ilə bağlı razılığa gəlməyə yönəlib. Məqsəd Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin edən müvəqqəti marşrut yaratmaqdır. Dəniz blokadası və ABŞ-ın hərəkətləri davam etdiyi müddətcə Hörmüz boğazındakı vəziyyətlə bağlı heç bir əhəmiyyətli irəliləyiş olmayacaq" – deyə o bildirib.
Səudiyyə Ərəbistanının ABŞ hücumunun qarşısını aldığı iddialarına da münasibət bildirən Bekayi, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun qeyri-sabitliyi artırdığını bildirib. O, düşmənin qarşısını almaqda əsas amilin Tehranın hərbi potensialı olduğunu deyib: "Bölgədəki bütün ölkələrin regiondakı gələcək vəziyyətdən təsirlənəcəklərini anlaması müsbət haldır. ABŞ-ın İrana qarşı apardığı müharibə bütün regiona qarşı müharibədir. Son 5 ayda ABŞ-ın regionda mövcudluğunun qeyri-sabitliyi və təhlükəsizliyi artırdığını gördük. Ölkələrin qeyri-sabitliyin artmasının qarşısını almağa çalışması təbiidir, lakin təcrübə göstərir ki, düşməni dayandıra biləcək yeganə şey İranın gücü və çəkindirmə qabiliyyətidir. Sülh danışıqlarının bir hissəsi olaraq nümayəndə heyətinə ev sahibliyi etmək və ya başqa bir ölkənin qonağı olmaq planlarımız yoxdur."
Diplomatik əlaqələrdə vasitəçilərin roluna toxunan Bekayi, Pakistan və Qətərin bu prosesdəki mövqelərini qeyd edib. Çinlə münasibətlərin dostcasına inkişaf etdiyini və Pekinin gərginliyin azaldılmasını dəstəklədiyini qeyd edən Bekayi, masada yeni bir vasitəçinin iştirakına ehtiyac olmadığını bildirib: "Pakistan İran və ABŞ arasında danışıqlarda vasitəçi kimi çıxış edir və Qətər dəstək verir. Çinlə dostluq münasibətlərimiz var və Çin ABŞ-ın qarşıdurma mövqeyinin kəskinləşməsi ilə bağlı narahatlıqlarımızı bölüşür. Çinli dostlarımız vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün çalışırlar, lakin yeni bir vasitəçinin əlavə edilməsi uyğun olmazdı".
Bekayi həmçinin Yəmən vasitəsilə Tehrana qarşı irəli sürülən ittihamları və regional cəbhə iddialarını qəti şəkildə rədd edərək, gərginliyin mənbəyinin ABŞ və İsrailin hərəkətləri olduğunu iddia edib.
Tahir TAĞIYEV