Ukraynanın müdafiə qüvvələri avqustun 1-dən 2-nə keçən gecə Saratov neft emalı zavoduna, Engels aerodromuna, Kaluqa vilayətindəki yanacaq anbarına və bir sıra digər Rusiya hərbi obyektlərinə zərbələr endirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram”da bildirib ki, hücumdan sonra Saratov neft emalı zavodunda yanğın başlayıb. Baş Qərargahın məlumatına görə, zavod ildə təxminən 7 milyon ton neft emal edir və Rusiya qüvvələrinin və hərbi-sənaye kompleksinin təchizatında iştirak edir.
Tu-95MS və Tu-160 strateji bombardmançı təyyarələrinin yerləşdiyi Engels aerodromunda da hücumdan sonra yanğın baş verib.
Ukrayna qüvvələri həmçinin Kaluqa vilayətindəki Lyudinovo yanacaq anbarına, eləcə də Bryansk vilayətindəki Navlya yaxınlığında hücum dronlarının saxlanması, hazırlanması və buraxılış məntəqəsinə zərbələr endirib.
Avqustun 1-də müdafiə qüvvələri həmçinin Kursk, Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərindəki Rusiyanın yerüstü idarəetmə məntəqələrinə də zərbələr endirib. Zərərin tam miqyası təsdiqlənir.
Tahir TAĞIYEV