Bu həftə sonu İrana ağır hücumlar edəcəyini açıqlayan ABŞ prezidenti Donald Tramp, İranla razılaşmanın konturları üzərində razılığa gəlindiyini və buna görə də İrana qarşı planlaşdırılan hücumları dayandırdığını açıqlayıb. Tramp qərarı Tehran və bir sıra digər Yaxın Şərq ölkələrinin xahişindən sonra verdiyini deyib.
Tramp sosial mediada yazıb ki, razılaşmanın əsas parametrləri razılaşdırılıb: “Buraya Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılması, eləcə də İranın nüvə təhdidinin aradan qaldırılması daxil olacaq. Bu tələbə əsasən, bütün dünyanın gələcək rifahı və dolayısı ilə uğurlu və çiçəklənən İranın yaşaması naminə, tez bir zamanda razılığa gələ biləcəyimiz ümidi ilə hücumu dayandırmağa razı oldum".
“Axios”un ABŞ-ın yüksək vəzifəli rəsmilərinə istinadən verdiyi məlumata görə, Tramp İrana hücum qərarını Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığından sonra təxirə salıb. Qəyd edilir ki, Salman Trampa Vaşinqtonun İran infrastrukturuna və enerji hədəflərinə planlaşdırdığı hücumla bağlı dərin narahatlığını bildirib.
Səudiyyə Ərəbistanı tərəfi, ABŞ administrasiyasına "gərginliyi azaltmağı və hücum planlarını dayandırmağı" tövsiyə edərək, birbaşa hərbi münaqişənin artmasının Körfəzdəki enerji infrastrukturuna və regional sabitliyə ciddi risklər yaradacağı barədə xəbərdarlıq edib.
İki lider arasında telefon danışığından əvvəl qeyd olunub ki, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Vaşinqtonda vitse-prezident JD Vance və Trampla əlaqə saxlayaraq Ər-Riyadın gərginliyin azaldılması ilə bağlı mövqeyini çatdırıb.
Vaşinqton-Ər-Riyad diplomatiyası davam edərkən, Tehranın diplomatiyası da güclənib. İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Türkiyə və vasitəçi Pakistan hakimiyyəti ilə görüşlərində bildirib ki, ABŞ-ın mümkün hücumu halında müttəfiq ölkələr hava məkanlarını və ya bazalarını açacaqları təqdirdə birbaşa qisas hədəfinə çevriləcəklər. Əraqçi vurğulayıb ki, İran ABŞ və ya İsrailin istənilən hücumuna "qətiyyətlə " cavab verəcək.
Tahir TAĞIYEV