ABŞ Dövlət Departamenti, bölgədəki gərginliyin artması səbəbindən Yaxın Şərq və Misir də daxil 10 ölkəyə səyahətlərə bağlı xəbərdarlıq edib. Dövlət Departamenti, gərginliyin daha da artacağı təqdirdə ABŞ vətəndaşlarının ölkəni tərk etməyə hazır olmağa çağırıb.
ABŞ Dövlət Departamentinin səfirliklər vasitəsilə bağlı yaydığı yazılı açıqlamalarda Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinin "mürəkkəb olaraq qaldığı" bildirilir.
Açıqlamada bölgədəki ABŞ vətəndaşları ehtiyatlı və sayıq olmağa, mümkün uçuşların ləğvinə, hava məkanının müvəqqəti bağlanmasına və səyahətlərdə yarana biləcək pozuntulara hazır olmağa çağırılıb.
Yaxın Şərqə səyahət etməyi planlaşdıran ABŞ vətəndaşlarına da səyahət planlarını yenidən nəzərdən keçirmələri tövsiyə edilib.
Bölgədəki uçuşların ləğvi və hava məkanının bağlanması məsələlərinə toxunan açıqlamada deyilir: "Hazırda Yaxın Şərqdə olan amerikalılar ehtiyatlı və son dərəcə sayıq olmalıdırlar, uçuşların ləğvinə, vaxtaşırı hava məkanının bağlanmasına və potensial səyahət pozuntularına hazır olmalıdırlar".
Departament vətəndaşlara aviaşirkətlərin uçuş cədvəllərindəki dəyişiklikləri xatırladaraq xəbərdarlıq edib: "Bölgədəki bəzi aviaşirkətlər əvvəlki uçuş cədvəllərinə qayıtmağı təxirə salıb, digərləri bəzi marşrutları ləğv edib. Bölgədəki ABŞ vətəndaşları ya getməyi düşünməli, ya da vəziyyət gərginləşərsə, bölgədən ayrılmağa hazır olmalıdırlar".
İran rejiminin son zamanlar bölgədəki hədəflərə əvvəlcədən xəbərdarlıq etmədən hücumlar həyata keçirdiyi və hücumlarını əvvəllər hədəf alınmayan ərazilərə genişləndirdiyi iddia edilən açıqlamalarda, Amerika vətəndaşları yerləşdikləri ölkələrdə ayıq-sayıq olmağa və yerli hakimiyyət orqanlarının təlimatlarına əməl etməyə çağırılıb.
Bu arada, bölgədə hərbi fəaliyyət davam edir. Məlumata görə, ABŞ döyüş təyyarələri İordaniya hava məkanı üzərində uçuşlar həyata keçirir.
ABŞ-ın İsraildəki səfirliyi daha əvvəl vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək, İrana hücumlar səbəbindən regional gərginliyin daha da arta biləcəyini bildirmişdi.
Tahir TAĞIYEV