ABŞ Dövlət Departamenti İran İnqilab Keşikçiləri Korpusu üçün dronlar istehsal edən Kimia Part Sivan (KIPAS) şirkəti haqqında məlumat verənlərə 15 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.
ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş elana görə, KIPAS "Ədalət üçün mükafatlar" proqramı çərçivəsində hədəfə alınıb.
Elanda "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin dron istehsal edən qolu" kimi təsvir edilən şirkət haqqında məlumat verənlərə mükafat vəd olunur: "ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyə mexanizmlərinin pozulmasına səbəb olan məlumata görə 15 milyon dollara qədər mükafat təklif edir".
Departamentin yaydığı açıqlamada bildirilir ki, sözügedən şirkət Qüds Qüvvələri adından fəaliyyət göstərir və əməliyyatlarda istifadə üçün İraqa materiallar tədarük edir.
Açıqlamada İnqilab Keşikçilərini hərbi avadanlıq satışı vasitəsilə maliyyələşdirdiyi deyilən şirkətin yüksək vəzifəli rəhbərlərinin adları paylaşılıb və bu şəxslərin, xüsusən də İraq, Yəmən və Suriyadakı İranyönlü militant qruplar üçün dronların sınaqdan keçirilməsində, hazırlanmasında və təchizatında fəal iştirak etdikləri və şirkətin Rusiyadakı alıcılar da daxil olmaqla, silah və dron satışından gəlir əldə etməklə İran ordusuna fayda verdiyi bildirilib.
Tahir TAĞIYEV