ISM İdarəetmə və İqtisadiyyat Universiteti Litva Baş naziri Mindauqas Sinkyaviçyusun akademik etik qaydalarını pozması ilə bağlı araşdırmaya başlayıb .
LRT-nin universitetin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Universitetin Etika Komitəsi Akademik Etika və Prosedurlar üzrə Ombudsman Ofisi tərəfindən verilən şikayəti nəzərdən keçirir. Şikayətdə Sinkyaviçyusun doktorluq dissertasiyasının hazırlanmasında mümkün pozuntulardan bəhs edilir.
Universitetdən bildirilib ki, tələbə və məzunların akademik etikası ilə bağlı bütün işlərə, şəxsin vəzifəsindən və ya sosial statusundan asılı olmayaraq, vahid qaydalara əsasən baxılır.
Toplanmış materiallar təhlil edildikdən və bütün maraqlı tərəflərin fikirləri dinlənildikdən sonra qərar veriləcək. Mövcud qaydalara əsasən, araşdırma yay tətili istisna olmaqla, 30 təqvim günü ərzində başa çatdırılmalıdır. ISM araşdırmanın nəticələrini sentyabr ayının sonuna qədər təqdim etməyi planlaşdırır.
Baş nazirin doktorluq dissertasiyasında mümkün plagiatlıq müzakirəsi son həftələrdə ictimaiyyətin və siyasi müxalifətin tənqidindən sonra daha da güclənib. Sinkeviçusun özü dəfələrlə əsərin akademik standartlara uyğun hazırlandığını bildirib və plagiat ittihamlarını rədd edib.
Sinkyaviçyus 2009-cu ildə ISM-də Marketinq və Menecment üzrə magistr dərəcəsi almış və 2015-ci ildə orada doktorluq dərəcəsini müdafiə etmişdir.
Tahir TAĞIYEV