Administrasiyanın planları ilə tanış olan iki ABŞ rəsmisi CNN-ə bildirib ki, ABŞ bu həftəsonu İrana yeni zərbələr endirməyi düşünür.
Əməliyyatın dəqiq miqyası, eləcə də zərbələrin mümkün hədəfləri hələ müəyyən edilməyib. Mənbələr vurğulayıblar ki, hələlik yekun qərar verilməyib və əməliyyat ləğv edilə bilər.
ABŞ prezidenti Donald Tramp cümə günü keçirilən kabinet iclasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməsi ehtimalı barədə danışaraq diplomatik səylərin istənilən nəticəni verməməsindən narazılığını bildirib.
ABŞ rəsmilərinin sözlərinə görə, Tramp münaqişəyə son qoymağa sadiqdir, lakin hərbi təzyiqin artırılmasını bu məqsədə çatmaq üçün mümkün vasitə kimi görür.
Mümkün zərbələrin hədəfinə hansı konkret obyektlərin çevrilə biləcəyi və əməliyyatın ABŞ müttəfiqlərinin iştirakı ilə həyata keçirilib-keçirilməyəcəyi isə hələlik məlum deyil.
Tahir TAĞIYEV