Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 43 ölkə Bab əl-Məndəb boğazında, Qırmızı dənizdə və Ədən körfəzində gəmilərə hücumlara qarşı hərbi koalisiya yaradılır. Səudiyyənin təşəbbüsünü müzakirə etmək üçün 43 ölkənin hərbi nümayəndələri Ər-Riyadda bir araya gəlib.
Krallığın Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə 43 ölkədən baş qərargah rəisləri və onların nümayəndələri, eləcə də Avropa İttifaqından nümayəndə heyəti iştirak edib. Dəvətnamələr 51 dövlətin və beynəlxalq təşkilatların nümayəndələrinə göndərilib. Bəzi iştirakçılar görüşə şəxsən, digərləri isə videokonfrans vasitəsilə qatılıblar. Nazirliyin məlumatına görə, iştirakçılar "dəniz təhlükəsizliyinə artan təhdidlər, o cümlədən ticarət gəmilərinə, enerji tankerlərinə və dəniz infrastrukturuna hücumları" müzakirə ediblər ki, bu da gəmiçilik təhlükəsizliyinə, qlobal təchizat zəncirlərinin dayanıqlığına və qlobal iqtisadiyyata risk yaradır. Görüşdə həmçinin gələcək koalisiyanın nizamnamə layihəsi, onun təşkilati strukturu, komandanlıq və nəzarət sistemi, əməliyyat mexanizmləri və hadisələrin sonrakı mərhələləri nəzərdən keçirilib. Koalisiyanın Bab əl-Məndəb boğazında, Qırmızı dənizdə və Ədən körfəzində fəaliyyət göstərəcəyi nəzərdə tutulur. İştirakçılar həmçinin təşəbbüsün təsis müddəalarını müzakirə ediblər. Bu müddəalar Səudiyyə Ərəbistanının koalisiyanın təsisçi üzvü və lideri olacağını, eləcə də onun qərargahına ev sahibliyi edəcəyini nəzərdə tutur.
Görüşdən sonra hərbi nümayəndələr təsis sənədini imzalamaq və alyansın rəsmi olaraq fəaliyyətə başlaması məqsədilə koalisiyanın yaradılması, o cümlədən nizamnaməsinin, təşkilati strukturunun və fəaliyyət mexanizmlərinin yekunlaşdırılması üzrə işləri davam etdirmək barədə razılığa gəliblər. Layihəni dəstəkləyən birgə bəyanat 14 ölkə tərəfindən imzalanıb: Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali. Nazirlik vurğulayıb ki, bir sıra digər ölkələr də "təşəbbüsü dəstəklədiklərini və birgə bəyanata qoşulmaq üçün lazım olan daxili prosedurları davam etdirdiklərini" bildirib.
Tahir TAĞIYEV