İran Kəşfiyyat Nazirliyi ölkə hakimiyyətinin "təkfirçi terror təşkilatı" adlandırdığı qrupun dörd əməliyyat hücrəsinin məhv edildiyini açıqlayıb. Mehr agentliyinin xəbərinə görə, əməliyyat İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində davam edən terrorla mübarizə səylərinin bir hissəsi olaraq həyata keçirilib. Nazirliyin məlumatına görə, əyalət kəşfiyyat bölmələri İran ərazisinə sızmağa çalışdıqları iddia edilən dörd mütəşəkkil qrupu müəyyən edib. Onların üzvləri Zahedan, Çabahar, İranşəhr, Xaş, Taftan, Nikşəhr və Qəsr-e-Kənd şəhərlərində keçirilən bir sıra əməliyyatlar zamanı saxlanılıb. Əməliyyat zamanı qrupların on beş əsas üzvü saxlanılıb. İran hakimiyyətinin məlumatına görə, onlardan bir neçə Kalaşnikov avtomatı və sursatı müsadirə edilib. Nazirlik bildirib ki, şübhəlilər Sistan və Bəluçistan əyalətində iqtisadi obyektlərə, ictimai infrastrukturlara, məhkəmə müəssisələrinə və digər strateji əhəmiyyətli hədəflərə qarşı təxribat aktları planlaşdırırdılar.
İran hakimiyyəti həmçinin iyulun birinci yarısında daha dörd silahlı qrupun məhv edildiyini bildirib. Nazirliyin məlumatına görə, həmin vaxt iki şübhəli öldürülüb və on nəfər saxlanılıb. İstintaq davam edir. Kəşfiyyat Nazirliyi ölkə daxilində mümkün əlaqələr də daxil olmaqla, şübhəli şəbəkənin daha geniş strukturunu araşdırdığını bildirib.
SAMİRƏ