İran Xəzər dənizindəki hücuma cavab olaraq Ukraynaya simvolik raket zərbəsi endirməyi planlaşdırır. “New York Times” qəzetinin İran və Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, Ukraynanın 25 iyulda Xəzər dənizində İranla əlaqəli gəmiyə hücumundan sonra İranın Ukraynaya qarşı qisas ehtimalı artıb.
İran və Qərb rəsmilərinin sözlərinə görə, Ukraynanın Xəzər dənizindəki hücumundan sonra İran Ukrayna limanını hədəf almağı düşünüb, lakin gərgin diplomatik səylər vəziyyəti "hələlik" sakitləşdirib. Bununla belə kəşfiyyat məlumatları ilə bağlı məlumatlandırılan digər rəsmilər iddia edirlər ki, İran Ukraynaya "nisbətən az ziyan" vuracaq "kiçik döyüş başlığı" ballistik raketlə hücum etməklə "simvolik mesaj" göndərmək niyyətindədir.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iyulun 25-də Xəzər dənizində pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın neft platformasına və "İranla Rusiya arasında hərbi yük daşımaq üçün istifadə edilən gəmilərə" hücum etdiyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi hücumu pisləyərək, bu hərəkətin cavabsız qalmayacağını bildirib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə bildirib ki, İranın təhdidləri ədalətsiz və əsassızdır: “Tehran rejimi Rusiyanın Ukraynaya qarşı təcavüzündə birbaşa tərəfdaşdır və 2022-ci ildən bəri ukraynalıları silahla öldürən Moskvanın cinayətkar müharibəsini alovlandırır".
Tahir TAĞIYEV