Rusiyanın ən böyük onlayn bazarı olan “Wildberries”, Ukraynanın Rusiyadakı logistika mərkəzlərinə qarşı bir sıra hava hücumlarından sonra Qazaxıstanda anbar sahəsi axtarmağa başlayıb. Dörd daşınmaz əmlak mənbəyi "Kommersant"a bildirib ki, şirkət 100 min kvadrat metr sahə axtarır.
Başqa bir mənbə qeyd edib ki, “Wildberries” Qazaxıstandakı bütün mövcud anbarları ələ keçirməyə hazırlaşır. "Kommersant"ın mənbələri bildirib ki, bazar bu addımla bəzi obyektlərini Ukrayna dronlarının hücumlarından qorumağa ümid edir.
Ancaq bununla belə Qazaxıstanda uyğun əmlak tapmaq çətin ola bilər. NF Group-un məlumatına görə, 2025-ci ilin sonunda ölkədə 1,9 milyon kvadratmetr yüksək keyfiyyətli logistika sahəsi var idi, lakin bunun yalnız 5,8%-i boş olub. Burada icarə haqqlarıda yeksəkdir. NF Group bildirib ki, buradakı qiymətlər Moskva və Moskva vilayətindəki qiymətlərlə müqayisə edilə bilər, burada qiymət ildə kvadrat metr üçün 10.500 rubl təşkil edir.
"Kommersant"ın mənbələri bildirir ki, “Wildberries” həmçinin Rusiyada logistika infrastrukturunu genişləndirməyi düşünür. Lakin boş qalan Rusiya anbarlarının sahibləri hücum riski səbəbindən bazarlarla yeni icarə müqavilələri imzalamaq istəmirlər. “Wildberries” əvvəllər standart anbar sığorta polislərinin dron hücumlarından dəyən ziyanı qarşılamadığını bildirmişdi.
“Wildberries” şirkətinin mətbuat xidməti bildirib ki, şirkət fəaliyyət göstərdiyi ölkələrdə logistika obyektlərinin tikintisi üçün planlı işlər görür. Xüsusilə, Qazaxıstanda Almatıda 100 min kvadratmetrdən çox ərazini əhatə edən mərkəzin, eləcə də Astanada 160 min kvadratmetrdən çox ərazini əhatə edən obyektin tikintisi davam edir. Şirkət vurğulayıb ki, hazırda bütün təşkilati səylər malların dövriyyəsini artırmaq və tərəfdaşlarının iqtisadi dayanıqlığını təmin etmək üçün müxtəlif anbarlar arasında yenidən paylanmasına yönəlib.
Tahir TAĞIYEV