Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram-ın qurucusu Pavel Durovu "terror fəaliyyətinə kömək etməkdə" ittiham edib. Durov üçün beynəlxalq həbs orderi verilib.
FSB-nin açıqlamasında Telegram rəhbərliyinin Rusiyada terror və təxribat fəaliyyətlərini əlaqələndirmək üçün istifadə edilən kanalları və botları silə bilmədiyi vurğulanıb. Durovun terror fəaliyyətinə kömək etməkdə təqsirli bilinərək istintaq altında olduğu və ona qarşı beynəlxalq həbs qərarı verildiyi bildirilir.
Qeyd edilir ki, Ukrayna kəşfiyyat xidmətləri və terrorçu və ekstremist təşkilatlar Rusiyada təxribat və terror hücumları, kütləvi qətllər və kiberfırıldaqçılıq fəaliyyətlərini hazırlamaq və əlaqələndirmək üçün çoxsaylı Telegram kanallarından, söhbət qruplarından və botlardan istifadə edirlər.
Bundan əvvəl Rusiyada Telegram əvvəllər bloklanmışdı və şirkətə ümumilikdə 100 milyon rubldan çox cərimə də kəsilmişdi.
Kremlin sözçüsü Dmitri Peskov da iyulun 27-də Telegram-ın tam bərpası ilə bağlı əlaqələrin davam etdiyini, lakin şirkət nümayəndələrinin bu prosesdə kifayət qədər aktiv olmadığını bildirib.
Telegram Rusiyada ən populyar mesajlaşma və sosial media tətbiqlərindən biridir.
Tahir TAĞIYEV