İraqdakı İslam Müqaviməti daxilindəki İranyönlü şiə qrupları, onlara qarşı hər hansı bir hücum olacağı halda Səudiyyə Ərəbistanını "sərt cavab"la hədələyiblər.
"Biz, İslam Müqaviməti, Səudiyyə rejiminə açıq bir xəbərdarlıq göndəririk: atdığınız hər hansı bir ehtiyatsız hərəkətə sərt cavab veriləcək və bu, sizi hərəkətlərinizdən peşman edəcək" – deyə şiə qrupu özünün Telegram kanalında bildirib.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi neft obyektlərinə hücum cəhdinə görə İraqdakı İslam Müqaviməti daxilindəki İranyönlü şiə qrupları günahlandırıb. Ancaq İslam Müqaviməti iddiaları rədd edir: "Bu əsassız iddialar, sadəcə, Yəmənin növbəti cavabının nə olacağından qorxaraq infrastrukturlarının lap dərinliyinə nüfuz edən ağrılı Yəmən hücumlarına cavab verə bilməmələrini haqlı çıxarmaq cəhdidir".
Öz növbəsində, Yəmənin şimalını idarə edən şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) bazar ertəsi günü Səudiyyə Ərəbistanının şərq yataqlarından krallığın qərbindəki Qırmızı dənizdəki Yanbu limanına neft daşıyan obyektlərə hücum etdiyini bildirib.
Krallığın Xarici İşlər Nazirliyi bildirib ki, İraqdakı qruplara cavab vermək hüququnu özündə saxlayır. Onların iddiasına görə, onlar paytaxt bölgəsində və Səudiyyə Ərəbistanının şərqindəki neft obyektlərinə dronlardan istifadə edərək zərbə endirməyə cəhd ediblər.
Tahir TAĞIYEV