Rusiyanın Buxarestdəki səfiri Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“Səfirin çağırılması 24-26 iyul 2026-cı il tarixləri arasında Rumıniya hava məkanının dəfələrlə pozulmasına qarşı güclü bir cavab idi. Bu müddət ərzində Rumıniya Silahlı Qüvvələri ölkənin hava məkanına qanunsuz daxil olan üç dronu vurub” – deyə nazirlikdən bildirilib.
Rumıniyada məhv edilmiş və prokurorluq tərəfindən təsdiqlənmiş pilotsuz təyyarənin qalıqları rus diplomatına göstərilib.
Görüş zamanı Rumıniya tərəfi bu qanunsuz və məsuliyyətsiz hərəkətlərə qarşı kəskin etirazını bildirib. Rusiya Federasiyasının NATO və Avropa İttifaqının hava məkanı olan Rumıniya hava məkanını pozmağa davam etməsinin qətiyyən qəbuledilməz olduğu vurğulanıb. Rumıniya tərəfi bildirib ki, bu ciddi hadisələrə və regional təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə birbaşa Rusiya Federasiyası məsuliyyət daşıyır.
Görüş zamanı səfirə Rusiya Federasiyasının Buxarestdəki missiyasının bir üzvünün arzuolunmaz şəxs elan edilməsi və beş gün ərzində Rumıniyanı tərk etməsi tələbi ilə bağlı rəsmi nota təqdim edilib.
"Bundan əlavə, Xarici İşlər Nazirliyi Rumıniyanın Rusiya Federasiyasındakı səfirini məsləhətləşmələr üçün Buxarestə geri çağırıb. Rumıniya milli təhlükəsizliyin və vətəndaşlarının qorunması üçün bütün zəruri tədbirləri görməyə qətiyyətlə sadiq qalaraq, NATO və Aİ müttəfiqləri və tərəfdaşları ilə hərəkətlərini sıx əlaqələndirməyə davam edəcək", - deyə Rumıniya Xarici İşlər Nazirliyinın açıqlamasında qeyd edilib.
Tahir TAĞIYEV