Bu gün Ukraynanın Hindistandakı səfiri Oleksandr Polişçuk Hindistan vətəndaşının ölümü ilə nəticələnən MV OMORFI ticarət gəmisinə edilən hücumla əlaqədar Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb .
“Nazirlik hadisə ilə bağlı ciddi narahatlığını ifadə edib və kommersiya gəmiçiliyinə edilən bu cür hücumları ən sərt şəkildə pisləyib, onların dəniz təhlükəsizliyinə, naviqasiya azadlığına və beynəlxalq ticarətə mənfi təsirini vurğulayıb” - deyə nazirliyin açıqlamasında bildirilib.
Səfirdən ticarət gəmilərinə hücumlarla bağlı Hindistanın ciddi narahatlığını Ukrayna hakimiyyətinə çatdırmaq və günahsız mülki dənizçilərin həyatını təhlükəyə atan bu cür hərəkətlərin qəbuledilməz olduğunu və dayandırılmalı olduğunu bir daha vurğulamaq istənilib.
Tahir TAĞIYEV