Prezident Putin Rusiya Hərbi Dəniz Qüvvələrinə Rusiya gəmilərini ələ keçirmək cəhdlərinə cavab verməyi emr edib.
"Pis niyyətli şəxslər ticarət donanması da daxil olmaqla donanmamıza təsir göstərməyə çalışırlar . Belə hallarda piratçılığa qarşı beynəlxalq dəniz hüququ çərçivəsində qətiyyətlə mübarizə aparılmalıdır. Ümid edirəm ki, bu səylər təsirli olacaq" – deyə Putin Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Sankt-Peterburqda hərbi rəsmilərlə görüşündə bildirib.
Putin Rusiyanın Kalininqrad bölgəsinə qarşı təhdidlərə də cavab verəcəyini bildirib: "Kalininqrad bölgəsinin təhlükəsizliyi Rusiyanın sərəncamında olan bütün vasitələrlə təmin ediləcək".
Rusiya Hərbi Dəniz Qüvvələrinin bölmələrinin Ukraynadakı münaqişədə iştirak etdiyini deyən Putin bildirib ki, dəniz piyadaları Ukraynada 20-dən çox yaşayış məntəqəsini “azad edib".
Ərazinin qərb hissəsinin Ukraynaya keçmiş Sovet lideri İosif Stalin tərəfindən hədiyyə edildiyini deyən Putin iddia edib ki, Ukrayna gec-tez bu ərazini itirəcək: “Buralar Polşa, Macarıstan və Rumıniyaya məxsus idi. Bu gün, sabah və ya bir neçə ildən sonra tarixi həqiqət öz yerini tapacaq" .
Prezident Putin bildirib ki, Rusiya əvvəllər Ukraynanın ərazi bütövlüyünün yeganə qarantı idi, lakin Kiyev Rusiyanı düşmən hesab etməyi seçib. O, Ukraynadakı müharibədə qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirərək, "xüsusi hərbi əməliyyat"ın gec-tez başa çatacağını əlavə edib.
Tahir TAĞIYEV