İran ordusu İsrail Baş naziri Netanyahunun ABŞ-a qarşıdan gələn səfərindən əvvəl "Yaxın Şərqdə müharibəni genişləndirməklə" təhdid edib.
Ordu xəbərdarlıq edib ki, ABŞ İrana hücumlarını davam etdirəcəyi təqdirdə Yaxın Şərqdəki müharibə genişlənəcək.
"İnanıram ki, əgər amerikalılar bir daha İsrailin hiyləsinə aldansalar və ya onlara uyğun hərəkət etsələr və müharibəni, xüsusən də hava hücumları vasitəsilə davam etdirməkdə israr etsələr, bu, coğrafi baxımdan daha da genişlənəcək" - İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.
Əkrəminiya bildirib ki, Yaxın Şərqdəki vəziyyət ABŞ-ın nöqteyi-nəzərindən "çətin və qeyri-sabitdir" və Vaşinqton hazırda "yeni bir strategiya" axtarır.
O, bildirib ki, İran mümkün variantların və ssenarilərin hər birinə hazırdır.
İranın bəyanatı İsrailin Baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfərindən əvvəl səsləndirilib. İsrail hökuməti Netanyahunun çərşənbə axşamı ABŞ-a səfər edəcəyini və Ağ Evdə Prezident Donald Trampla görüşəcəyini açıqlamışdı. Səfər zamanı İran böhranının əsas müzakirə mövzusu olacağı gözlənilir.
Tahir TAĞIYEV