İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində İran ticarət gəmisinə hücum edib.
Nazirlik özünün “Telegram” kanalında paylaşım edərək bildirib: "İran Xarici İşlər Nazirliyi Ukraynanın 25 iyul şənbə günü səhər Xəzər dənizində İran ticarət gəmisinə hücumunu qətiyyətlə pisləyir. Hücum nəticəsində gəmidə partlayış baş verib, bir dənizçi həlak olub, digəri isə yaralanıb. Bu hücum BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin pozulması və müharibədə gərginliyi daha da artıra biləcək təcavüz aktıdır".
Xarici İşlər Nazirliyi Tehranın bu hücumdan sonra cavab vermək hüququnu özündə saxladığını vurğulayıb. Qeyd edilib ki, İran beynəlxalq hüququn prinsipləri və fundamental normalarına, xüsusən də qanuni özünümüdafiə prinsipinə uyğun olaraq öz maraqlarını və milli təhlükəsizliyini müdafiə etməkdən çəkinməyəcək.
Bildirilib ki, bu cür avantüraların nəticələrinə görə, məsuliyyət Kiyevin və onu dəstəkləyənlərin üzərinə düşəcək.
Tahir TAĞIYEV