ABŞ ordusunun İrana qarşı təxminən iki həftəlik hücumlardan sonra dünən gecə yeni bir əməliyyat keçirməməsi diqqət çəkir. "Axios" xəbər saytı iddia edir ki, ABŞ prezidenti Tramp dünən İrana qarşı yeni hücum etməmək barədə əmr verib.
Adı açıqlanmayan iki ABŞ mənbəyinə istinadən verilən məlumata görə, Tramp son 13 gün ərzində hər gün hərbi hücum planlarını təsdiqləyib və əməliyyatlar təsdiqdən bir neçə saat sonra həyata keçirilib.
İddialara görə, oxşar hücum planı dünən də təsdiq üçün Trampa təqdim edilib, lakin ABŞ prezidenti planı təsdiqləmək əvəzinə, hücumun həyata keçirilməməsi barədə göstəriş verib. Xəbərdə ABŞ ordusunun İrana qarşı genişmiqyaslı əməliyyatlara qayıtmaq üçün hazırlıqlarını davam etdirdiyi bildirilir, lakin Trampın hələlik bu barədə əmr vermədiyi vurğulanır.
Trampın əmrinin neçə gün keçərli olduğu və ya hücumların davam edib-etməyəcəyi hələ də məlum deyil.
Trampın İrana hücum etməmək barədə göstərişi, Omandan bir nümayəndə heyətinin dünən Hörmüz boğazının yenidən açılması üçün yeni bir mexanizm yaratmaq məqsədilə Tehrana rəsmi səfər etməsindən bir neçə saat sonra verildiyi bildirilir.
Bölgədəki yerli mənbələr Oman və İran arasında danışıqlarda irəliləyiş əldə edildiyini və bu həftə sonu Tehran və Məsqət administrasiyaları arasında razılığa gəlinə biləcəyini iddia ediblər. “Axios” yazır ki, razılaşmanın qüvvəyə minməsi üçün Tramp təklif olunan tənzimləməni təsdiqləməlidir.
Ağ Ev hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV