Ramil Məmmədli: “Əgər müharibə uzanarsa, Ukraynada əhalinin azalması daha da kəskin formada özünü göstərəcək”
Ukraynada ölənlərin sayı doğulanların sayını dörd dəfədən çox üstələyib. Ən ağır göstəricilər Donetsk və Xerson kimi cəbhəyanı bölgələrdə qeydə alınıb. 2026-cı ilin ilk yarısında Ukraynanın demoqrafik böhranı daha da dərinləşib.
Bu dövrdə cəmi 73 292 uşaq doğulub - bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azdır və müharibədən əvvəlki göstəricinin təxminən yarısına bərabərdir. Eyni zamanda, ölkədə 259 853 ölüm halı qeydə alınıb. Bu göstərici 4 faiz artıb və son beş ildə ilk dəfə yüksəliş göstərib.
Vəziyyət belə davam edərsə, Ukraynanı nə gözləyir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, müharibə nəinki Ukraynada demoqrafik vəziyyətə, Rusiyada da vəziyyətə mənfi təsir göstərir: “Sadəcə iki ölkə arasında əhali nisbəti böyük olduğu üçün bu, Rusiyada elə də hiss edilmir. Rusiyada əhalinin sayı 145 milyon nəfərdir. Müharibə başlayanda Ukrayna əhalisinin sayı hardasa 42 milyon nəfərdir. İndi ölkə yaşayanların sayı 32 milyon ətrafında olduğu bildirilir. Təxminən 8 milyon nəfər ölkə əhalisinin Avropa ölkələrinə sığındığı barədə məlumatlar var. Ukraynadan qaçqın düşən əhalinin çoxu Almaniya və Polşada məskunlaşıb. Ukraynanın təxminən 19 faiz ərazisi Rusiya tərəfindən işğal edilib. Ukraynada hələ müharibə başlamamışdan əvvəl əhali artımı ilə bağlı problemlər var idi. Müharibə başlayandan sonra bu, daha da kəskinləşdi. Bu da təbiidir. İnsanlar evlərini itirirlər. Müharibənin nə vaxt bitəcəyi məlum olmadığı üçün gənclər planlarını təxirə salırlar. O cümlədən, evlənməyi sonraya saxlayırlar. Xüsusən də çoxsaylı qaçqının olması, işğal edilmiş ərazilərdə yaşayış məntəqələrinin məhv edilməsi, mülki insanların öldürülməsi və gələcəklə bağlı qeyri-müəyyənlik vəziyyəti daha da dramatikləşdirir. Nəzərə almaq lazımdır ki, 4 il 6 aydır şiddətli müharibə gedir. Heç kim müharibənin bu qədər uzanacağını təxmin etmirdi. Bu gün Ukrayna cəbhəsində kəskin formada özünü göstərən problem əsgər çatışmazlığıdır. Əgər müharibə uzanarsa, Ukraynada əhalinin azalması daha da kəskin formada özünü göstərəcək. Hətta bu sahədə vəziyyət fəlakət doğuracaq müstəviyə keçə bilər. Fikrimcə, Rusiyada da oxşar proseslər baş verə bilər. Ancaq bunun Ukraynadakı kimi kiritik olacağı real deyil”.
Vidadi ORDAHALLI