Yunanıstan Xarici İşlər və Müdafiə üzrə Dövlət Şurası (KYSEA) İsraildən 3,1 milyard avroluq çoxqatlı hava hücumundan müdafiə sisteminin alınması da daxil olmaqla, ümumi dəyəri 4,2 milyard avro olan müdafiə paketini təsdiqləyib.
Afina İsrail müdafiə şirkətləri Rafael və IAI-nin radar və raketlərinə əsaslanan "Axilles Qalxanı" adlandırılan ballistik raketlərə, zenit silahlarına və dronlara qarşı çoxqatlı bir sistem hazırlamağa çalışır. Bunlara İsrailin Spyder, Barak MX və David's Sling sistemləri daxildir.
4,2 milyard avroluq paketə həmçinin Portuqaliya ilə müqavilə çərçivəsində üç Embraer C-390 nəqliyyat təyyarəsi üçün təxminən 600 milyon avro, 10 VICTA patrul gəmisi üçün 145 milyon avro, Hellfire raket ehtiyatları üçün 100 milyon avro və 10 V-BAT pilotsuz uçuş aparatı sistemi üçün 70 milyon avro daxildir. Yunanıstan hökuməti əvvəllər ABŞ-dan 40-a qədər yeni F-35 qırıcı təyyarəsi və Fransa və İtaliyadan freqatlar almaq da daxil olmaqla, 2036-cı ilə qədər silahlı qüvvələrinin modernləşdirilməsinə təxminən 28 milyard avro xərcləmək planlarını açıqlamışdı. Afina artıq ötən il təxminən 650 milyon avroya 36 İsrail raket artilleriya sisteminin alınmasını təsdiqləyib.
SAMİRƏ