Rumıniya sahillərində ABŞ-ın Norfolk şəhərindən Ukraynaya kömür daşıyan Liberiya bayrağı altında üzən "Christiana B" quru yük gəmisində partlayış baş verib. Rumıniya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, gecə baş verən hadisədən sonra gəmi təcili yardım siqnalı göndərib, lakin ölən və ya xəsarət alan olmayıb.
Rumıniya hakimiyyəti partlayışın mümkün səbəbləri ilə bağlı ilkin qiymətləndirmələrini də paylaşıb. Hadisənin gəminin anbarında baş verdiyini bildirən nazirlik, partlayışın "dəniz pilotsuz təyyarəsinin zərbəsi və ya mina partlaması" nəticəsində baş verə biləcəyini açıqlayıb. Lakin hücumun mənbəyi ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
Hadisənin, F-16 qırıcı təyyarəsinin Rumıniya hava məkanında naməlum pilotsuz uçuş aparatını (PUA) vurmasından qısa müddət sonra baş verməsi diqqət çəkir. Bu hadisə Qara dənizdə təhlükəsizlik risklərinin artdığını və NATO üzvü Rumıniyanın hava məkanına və dəniz ərazisinə qarşı təhdidlərə qarşı yüksək hazırlıq vəziyyətində olduğunu göstərir.
“Christiana B” gəmisinə edilən bu hücum Qara dənizdə kommersiya dəniz nəqliyyatının kövrəkliyini bir daha nümayiş etdirir. Hadisənin pilotsuz təyyarənin zərbəsi və ya mina partlaması nəticəsində baş verdiyi hələlik məlum olmasa da, bölgədəki gərginliyin kommersiya gəmilərini hədəf alacaq səviyyəyə çatması narahatlıqları artır.
Tahir TAĞIYEV